“Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı orta məktəblərdə Azərbaycan xalqının dini barədə hərhansı məlumatın verilməsini konstitusiyaya zidd hesab edib və buna yol verilməyəcəyini deyib.
“Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz. Bu Konstitusiyamıza ziddir. Çünki Konstitusiyamıza əsasən, din dövlətdən ayrıdır, eyni zamanda, təhsil dünyəvi xarakter daşıyır”. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Məktəblərdə Azərbaycan Xalqının 98 faizinin dini olan İslam dini barədə hərhansı məlumata blokada tətbiq edən “Dini Qurumlarla İş ürzə Dövlət Komitəsi”-nin sədri “orta məktəblərdə yalnız dinlər haqqında biliklər verilə bilər”,- deyib.
“Hesab edirik ki, İslam, yəhudilik, xristianlıq, ümumiyyətlə, dünyadakı bütün dinlərlə bağlı gənclərə, böyüməkdə olan nəslə dünyagörüşü istiqamətində informasiya verilməsi olduqca önəmlidir”,- Mübariz Qurbanlı bildirib.
98 faiz ilə 2 faiz arasında fərq qoymayan və hətta bir çox hallarda 2 faiz üçün daha çox imkanlar yaradan Azərbaycan hökumətinin din məsələləri üzrə rəsmi nümayəndəsi həmçinin bildirib ki, əgər gənclərə bu informasiya dövlət qurumları tərəfindən verilsə, onlar müstəqil həyata qədəm qoyduqdan sonra radikal, xurafatçı dini qrupların təsiri altına düşməzlər.
Mübariz Qurbanlı hətta qeyd etdiyi dinlər barədə informasiyaların belə, din adı ilə bir dərslik formasında tədris olunmasına da qarşı çıxıb: “Onu da deyim ki, bununla bağlı ayrıca fənnin tədris olunmasına ehtiyac da yoxdur. Bu biliklər tarix, coğrafiya, ədəbiyyat, həyat bilgisi kimi humanitar fənlərin içərisində yer alır “, – deyə qurum rəhbəri bildirib.