Özünü yandıran amerikalı zabit ölkəsinin ordusunun Qəzza müharibəsinə birbaşa müdaxilə etdiyini xəbər veribmiş
“The New York Post” qəzeti sionist rejimin Qəzza əhalisi əleyhinə müharibəsinə etiraz edərək özünü yandıran amerikalı zabitin dostlarından birinə istinadən yazıb: “ABŞ ordusunun bu zabiti özünü yandırmazdan əvvəl Vaşinqtonun HƏMAS-a qarşı müharibədə birbaşa hərbi iştirakını xəbər vermişdi.”
Amerikanın bu qəzetinə aid internet saytı dünən məlumat yayıb ki, bu yaxınlarda İsrailin Amerikadakı səfirliyi qarşısında özünü yandıran və dünyasını dəyişən Aaron Buşnellin dostlarından biri “New York Post” ilə telefon əlaqəsi yaradaraq, Buşnellin intihar etməzdən bir neçə saat əvvəl ona zəng etdiyini və Qəzza tunellərində Amerika qüvvələrinin döyüşü ilə bağlı çox məxfi məlumatlara malik olduğunu açıqlayıb.
Buşnellin “New York Post” tərəfindən adı gizli saxlanılan dostu deyib: “Buşnellin işi informasiya məlumatlarının emalı ilə bağlı idi və bunlardan bəziləri İsrail və Qəzza arasındakı münaqişəyə aid idi.”
O, əlavə edib: “Buşnellin mənə dediyi məsələlərdən biri odur ki, ABŞ ordusunun Fələstində davam edən soyqırıma müdaxiləsi onun araşdırdığı məsələlərdən biridir. O, dörd il idi ki, təhlükəsizlik icazəsi almışdı və ilk dəfə idi ki, qaydaları pozaraq açıqlamamalı olduğu məlumatları mənə verirdi.”