Pezeşkiyandan İsrailə xəbərdarlıq: Cavabımız sərt olacaq
İran prezidenti Pizişkiyan ölkəsinin təhlükəsizliyinə edilən hücumun cavabsız qalmayacağını bildirərək, İsrailin belə bir səhvə yol verəcəyi təqdirdə bunun əvəzini ağır ödəyəcəyi ilə bağlı xəbərdarlıq edib.
İran prezidenti Məsud Pizişkiyan bazar günü (3 noyabr) verdiyi açıqlamada ölkəsinin “təhlükəsizliyinə qarşı heç bir hücumu cavabsız qoymayacağını” bildirib.
“İsraillilər çox yaxşı bilirlər ki, İran İslam Respublikasına qarşı hər hansı səhvə yol versələr, sərt cavab alacaqlar”, – Pizişkian hökumətin iclasındakı çıxışında deyib.
Xəbərdarlığına davam edən Pizişkian əlavə edib: “Əgər onlar (İsrail) davranışlarına yenidən baxsalar, atəşkəsi qəbul etsələr və bölgədəki məzlum və günahsız insanları öldürməyə son qoysalar, bu, İranın cavabının növü və şiddətinə təsir edə bilər”.
Hazırda bütün region ölkələrinin İran İslam Respublikasının sülh və sabitlik istədiyinə inandığını vurğulayan Pizişkiyan, “İşğalçı qurum bölgədə böhran və müharibəni qızışdırmağa çalışır” dedi.
“Biz heç vaxt müharibəyə başlamamışıq və heç bir ölkəyə müharibəyə getməyi tövsiyə etməmişik. Dünyanın müxtəlif yerlərində, o cümlədən bizim regionda müharibələri hər zaman başlayan ABŞ olub”, – prezident əlavə edib.
Pizişkiyan çıxışını bu sualla yekunlaşdırıb: “Əgər ABŞ və Qərb dövlətləri həqiqətən də müharibə və qan tökülməsini istəmirlərsə, niyə atəşkəs təkliflərinə veto qoyurlar?”.