Qəbələdə fəaliyyət göstərən bu bazarın nə həkimi, nə də baytarı var-Video
Ət kəsimi və satışı üçün nəzərdə tutulmuş yerlər bərbad vəziyyətdə, kəsilmiş ətlər yerdə, bazarda it-pişik əlindən ayaq basmağa yer yoxdur. Bura Qəbələnin Nic bazarıdır. Ancaq həftənin istirahət günləri fəaliyyət göstərən və on minlərlə insana xidmət edən bu bazarda antisanitar vəziyyət hökm sürür. Bazardakı bu natəmizlik alıcıları narazı salıb.
Bazarın nə baytarı, nə həkimi var. Bazardakı xoşagəlməz vəziyyətlə bağlı suallarımıza cavab vermək üçün bazar rəhbərliyindən heç kimi tapa bilmədik. Bazara nəzarət etdiyini və yer pulu topladığını bildirən Ceyhun Süleymanov isə deyir ki, bazar yerində heyvanların çox olması ilə bağlı bələdiyyəyə müraciət ediblər. Natəmizlik məsələsinə gəlincə isə buna insanlar özləri cavabdehdir. Uzun axtarışlardan sonra məlum oldu ki, bazardakı məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizlik Agentliyi cavabdehdir. Odur ki, agentliyin yerli qurumuna müraciət etsək də bir cavab ala bilmədik.
Qurumun mətbuat xidmətinə ünvanladığımız sorğuya isə bir neçə gün davam edən qaçdı-tutdudan sonra belə cavab ala bildik. Qeyd edək ki, 200 illik tarixə malik bazara minlərlə alıcı ilə yanaşı, maraq üçün turistlər də axın edir. Bazarın bu vəziyyətdə fəaliyyət göstərməsi, antisanitar vəziyyətin hökm sürməsi heç bir qonaqlarda heç də xoş təəssüratlar yaratmaz.
Apa.az