Qəzza zolağında rabitə xidmətləri və internet əlaqəsi qismən bərpa edilib
Qəzza zolağının mərkəzi və cənub bölgələrində telekommunikasiya xidmətləri və internetin fəaliyyəti qismən bərpa edilib.
Bu barədə Fələstinin “Paltel” və “Jawwal” telekommunikasiya şirkətləri məlumat yayıb.
“Biz Qəzza zolağının mərkəzi və cənub bölgələrində faks, mobil rabitə və internet xidmətlərinin mərhələli şəkildə bərpa olunduğunu elan etmək istərdik. Burada briqadalarımız qəza yerinə gəlib və nasazlığı aradan qaldıra biliblər”, – şirkətlər sosial şəbəkədə bəyanat yayaraq bildiriblər.
Şirkətlər həmçinin qeyd ediblər ki, rabitə xidmətlərinin bərpası son günlər ərzində təkrarlanan təmir cəhdlərindən sonra və “müvafiq beynəlxalq tərəflərin müdaxiləsi ilə” baş verib.