Qəzzada şəhidlərin sayı 25 min 900-ə çatıb
Fələstinin Qəzza zolağındakı Səhiyyə Nazirliyi cümə axşamı gecəsi Qəzzada müharibənin başlanmasından bu yana şəhidlərin sayının 25 min 900, yaralıların sayının isə 64 min 110 nəfərə çatdığını açıqlayıb.
İRNA-nın Fələstinin “Səma” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İsrail ordusu son 24 saat ərzində daha 21 qətl törədib, bu qətliam zamanı 200 nəfər şəhid olub, 370 nəfər yaralanıb. Minlərlə insan hələ də dağıntılar altındadır.
Xəbər mənbələri həmçinin cümə axşamı günortadan sonra İsrail ordusunun Qəzza zolağında törətdiyi cinayətlər nəticəsində ən azı 27 Fələstin vətəndaşının şəhid olduğunu və 176 nəfərin yaralandığını bildirib.
Fələstin vətəndaşları Əl-Küveyt meydanında humanitar yardım almaq üçün gözlədikləri zaman, İsrail ordusu tərəfindən bombalanıb.
Bu hücumda 20 nəfər şəhid olub, 150 nəfər yaralanıb. Çox sayda şəhid və yaralı Əş-Şəfa xəstəxanasına aparılıb.
Xəbər mənbələri sionist ordusunun Qəzzə zolağının cənubundakı Xan-Yunis şəhərindəki Həyat məktəbi ərazisinə hücumu nəticəsində 7 Fələstin vətəndaşının şəhid olduğunu və 26 nəfərin yaralandığını bildirir.
7 oktyabr 2023-cü il tarixində Fələstin müqavimət qrupları İsrail rejiminin fələstinlilərə qarşı onilliklər ərzində törətdiyi cinayətlərə cavab olaraq, işğalçı rejimin mövqelərinə qarşı Qəzzadan (Fələstinin cənubundan) “Əl-Əqsa tufanı” adlı gözlənilməz əməliyyata başladı. Nəhayət 45 günlük döyüşlərdən sonra 2023-cü ilin 24 noyabrında İsrail və HƏMAS arasında dörd günlük müvəqqəti atəşkəs və ya HƏMAS ilə İsrail rejimi arasında əsir mübadiləsi ilə döyüşlərə fasilə verildi. .
Müharibədəki bu fasilə 7 gün davam etdi və nəhayət, 1 dekabr 2023-cü il, cümə günü səhər saatlarında müvəqqəti atəşkəs sona çatdı və İsrail rejimi Qəzzaya hücumlarını bərpa etdi.
Bu rejim “Əqsa tufanı”nın qəfil hücumlarına cavab vermək və məğlubiyyətini kompensasiya etmək və müqavimət əməliyyatlarını dayandırmaq üçün Qəzza zolağının keçidlərini bağlayıb və bu ərazini bombalayır. Digər tərəfdən, Fələstin müqavimət döyüşçüləri quru döyüşlərində sionist hərbçilərə çoxlu itki və tələfat veriblər.