Qaçqınlardan qalan mənzilləri niyə heç kim almır? – Ekspert səbəbləri açıqladı
Xəbər verdiyimiz kimi, məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə köçdükcə onlara dövlət tərəfindən verilmiş mənzillər mərhələli şəkildə satışa çıxarılır. Sosial Xidmətlər Agentliyi tərəfindən satışa çıxarılan evlərin qiyməti onların kvadratından asılı olaraq dəyişir. Amma satışa çıxarılmasından müəyyən müddət keçməsinə baxmayaraq, insanlar sözügedən evlərə o qədər də maraq göstərmir. Yəni bu binadan ev alanların sayı çox azdır.
Onu da qeyd edək ki, bu evlərin mülkiyyət hüququnu təsdiq edən sənədləri var və ən minimal qiymətə satışa çıxarılır.
Məsələyə münasibət bildirən əmlak məsələləri üzrə ekspert Elnur Azadov Bakupost.az -a deyib ki, məcburi köçkünlər üçün olan bu binalar şəhərdən kənar ərazilərdə tikilib. Onların yaxınlığında demək olar ki, məktəb, bağça, yol, ticarət infrastrukturu yoxdur, ya da çox zəifdir. Bu səbəbdən də insanlar belə binalardan ev almaq istəmirlər:
“Digər səbəb isə odur ki, bu kimi sosial layihələr adətən, ən minimal xərclərlə tikilir. Ora satış üçün nəzərdə tutulmayıb və dövlət tərəfindən əhaliyə yardım məqsədilə verilib. Yəni bazarın tələbatına görə deyil. Satış üçün də nəzərdə tutulmayıb. Bu kimi səbəbləri nəzərə aldıqda təbii ki, onların satışı çətin olacaq. Əgər onu satış məqsədilə özəl şirkət tiksəydi, təmir edib satacaqdı və qiymətlər də bazarın tələblərinə uyğun olacaqdı. Bu binalardan ev alamaq istəyən gəlib baxır və keyfiyyət onu qane etmir. Həm ucqar yerlərdir, həm də keyfiyyəti tələbata uyğun deyil deyə almırlar”.