Qırğızıstanın keçmiş naziri korrupsiyaya görə saxlanılıb
Qırğız Respublikasının keçmiş təbii ehtiyatlar, ekologiya və texniki nəzarət naziri Dinara Kutmanova saxlanılıb.
“Report” “24.kg”yə istinadən xəbər verir ki, məlumatı Qırğız Respublikası Milli Dövlət Təhlükəsizlik Komitəsinin mətbuat xidməti yayıb.
Bildirilib ki, D.Kutmanova başçılıq etdiyi nazirlikdə törədilən çoxsaylı cinayət işi faktları çərçivəsində saxlanılıb.
Komitənin məlumatına görə, o, korrupsiya sxemlərinin əsas təşkilatçısı olub.
İstintaq zamanı toplanmış sübutlar, o cümlədən korrupsiya sxemlərinin digər iştirakçılarının ifadələri, habelə keçmiş nazir və təqsirləndirilən şəxslərin iştirakı ilə aparılan üzləşdirmə nəticələri əsasında müəyyən edilib ki, Kutmanova şəxsi ambisiyaları və eqoist maraqları naminə ayrılmış dövlət vəsaitlərinin qanunsuz çıxarılması üçün geniş korrupsiya şəbəkəsi təşkil edib, təbiətin mühafizəsi və ekologiya sahəsində qondarma layihələrin maliyyələşdirilməsi üçün ərizələrin verilməsini imitasiya etmək üçün təkcə tabeliyində olan işçiləri deyil, həm də qohumlarını (oğlu və bacısı), eləcə də yaxın ətrafını (ev işçisi, oğlunun dostu və s.) qeyri-qanuni fəaliyyətə cəlb edib.
Komitə xatırladıb ki, üç il ərzində maliyyələşdirmənin ümumi həcmi təqribən 969,6 milyon som (bir milyon dollara yaxın) təşkil edib. O, dövlət büdcəsindən ekologiya sahəsinə ayrılan milyonlarla dollarlıq maliyyə vəsaitini 110 layihə çərçivəsində fiziki və hüquqi şəxslərə yönəldib.
Məlumata görə, ümumilikdə 9 nəfər təqsirləndirilən şəxs qismində cinayətə cəlb edilib. Sabiq nazirin oğlu hazırda beynəlxalq axtarışdadır və onun Türkiyədən deportasiyası istiqamətində tədbirlər görülür.
Kutmanova saxlanılaraq təhlükəsizlik Komitəsinin İstintaq Təcridxanasına yerləşdirilib.
Report.az