Qüds niyə müsəlmanlar və yəhudilər üçün müqəddəsdir? – Məscid əl-Əqsanın mahiyyəti və tarixi

Qüds niyə müsəlmanlar və yəhudilər üçün müqəddəsdir? – Məscid əl-Əqsanın mahiyyəti və tarixi

Hal hazırda davam edən İsrail – Fələstin toqquşmalarında tez-tez bir şəhərin və bir məscidin adları çəkilir: Qüds və Məscid əl-Əqsa. Bu şəhər ilə bu məscid yəhudilər və müsəlmanlar üçün eyni dərəcədə müqəddəs olsa da, həm də onlar üçün konfliktin mənbəyidir. Qüdsdəki bu məscid həm də Fələstin davasının simvolu halına gəlib.

Gəlin, oxuyaq və yada salaq: bu şəhərin və bu məscidin tarixi nədir və nə deyildir?

Bura müsəlman aləminin üçüncü müqəddəs məkanıdır… Bura müsəlmanlar üçün ilk qiblənin yerləşdiyi və Məhəmməd Peyğəmbərin meraca getdiyi yerdir… Bura Qüdsdə yerləşən Məscid əl-Əqsadır.

8-Things-You-Need-to-Know-About.jpg (73 KB)

150 hektar ərazidə yerləşən əl-Əqsa məscid kompleksinin içərisində iki məscid yerləşir. Bunlardan biri qızıl günbəzli “Qübbə-Səxrə”dir. Məhəmməd Peyğəmbər merac gecəsi məhz burada namaz qılıb. İslam aləmində ilk qübbəli məsciddir. Qübbəsinin tikintisində qızıldan xeyli istifadə edilib. Qızıl günbəzli məscid adlanması da məhz burdan irəli gəlir. Digəri isə qara günbəzli “Məscid əl-Əqsa”dır.

Məscidin adı Məhəmməd Peyğəmbərin sağlığında Məkkəyə ən uzaq yerdə olması səbəbindən Məscid əl-Əqsa (“Ən uzaqdakı məscid”) adlandırılıb. Lakin bu müqəddəs məkanın tarixi islamın yaranmasından daha qədimə gedir.

Rəvayətə görə, Beyt əl-Məqdis və ya Beytül Müqəddəs adlanan məbəd “Quran”da adı keçən Davud Peyğəmbərin zamanında inşa olunub. Məbədin divarları bir adam boyu hündürlükdə olanda Həzrət Davud vəfat edib. Tikintini və 12 məhəllədən ibarət olan Qüds şəhərini bütövlükdə inşa etdirib başa çatdırmaq Davudun oğlu Həzrət Süleymana nəsib olub. Məscid əl-Əqsanın tikintisində qızıl, gümüş, yaqut və başqa zinət əşyalarından istifadə olunub. Tikinti 7 ilə başa çatıb.

aqsa.jpg (63 KB)

Həzrət Süleyman nəsildən-nəslə keçən və içərisində Həzrət Musadan yadigar qalan qədim Tövrat nüsxəsinin olduğu Əhd sandığını Məscid əl-Əqsaya qoyub. Lakin sonrakı illərdə Qüdsü işğal edən Assuriya hökmdarı Buhtunnasr məscidi qarət edərək onu Babilə aparıb. Sonradan Məscid əl-Əqsa bərpa olunsa da, miladın 70-ci ilində Qüdsü işğal edən Roma imperiyasının orduları şəhəri və Məscid əl-Əqsanı yandırıb dağıdıb. Bu təqvim, eyni zamanda, Məscid əl-Əqsanın yəhudiliklə əlaqəsinin sona çatdığı dövr hesab olunur.

Miladın 123-cü ilində Bizans imperiyası Məscid əl-Əqsanı təmir edib. İslamın ilk illərində Məhəmməd Peyğəmbərin meracı baş verir. Peyğəmbər Məscid əl-Həramdan (Məkkədəki Kəbə məscidi) Məscid əl-Əqsaya gəlib, orada namaz qılıb. Bu dövrdə Məscid əl-Əqsa həm də müsəlmanların qibləsi, yəni namazda üzlərini çevirib ibadət etdikləri istiqamət idi. Yalnız Mədinəyə hicrətdən 16 ay sonra Allahdan gələn vəhylə müsəlmanların qibləsinin Məkkə (Kəbə) olduğu bəyan edilir. Ancaq əl-Əqsa müsəlmanların ilk qibləsi olaraq müqəddəs məkan kimi tanınır.

638-ci ildə II xəlifə Ömər Suriyaya səfəri zamanı Məscid əl-Əqsanı ziyarət edib. Məhz xəlifənin tapşırığı ilə məscid yenidən bərpa olunub və ibadətə açılıb. Eyni zamanda yəhudilərin də burada ibadət etməsinə icazə verilib.

1099-cu ildə Qüdsü işğal edən Avropa səlibçi ordusu Məscid əl-Əqsanı qarət edib yandırır. Səlibçilər oradakı müsəlmanların təxminən 70 minini qətlə yetiriblər. Qaya günbəzini kiçik kilsəyə, aşağı otaqları at tövləsinə, məscidin özünü isə saraya çeviriblər. Kütləvi qətliamda sağ qalan müsəlmanları daha sonra məscidin mərkəzində böyük xaçlar üzərində çarmıxa çəkiblər. Həmin yerdə xaçın təməlini bu gün də görmək mümkündür. Ancaq xristianların Qüdsdə hakimiyyəti 88 il davam edir. 1187-ci ildə Səlahəddin Əyyubinin rəhbərlik etdiyi müsəlman ordusu Qüdsü azad edir. Əl-Əqsa kilsə heykəllərindən təmizlənərək yenidən məscid kimi fəaliyyət göstərməyə başlayır, kilsə zənginin səsini azan səsi əvəzləyir.

201442859587734_20.jpg (296 KB)

Məscid əl-Əqsa bir ibadət ocağı, müqəddəs məkan olmaqla yanaşı, islam təhsil mərkəzi rolunu oynayıb. Əməvilər, Abbasilər, eləcə də Əyyubilər və Məmlüklər zamanında məscid həm ibadət, həm də dini təhsil mərkəzi kimi fəaliyyətini davam etdirib.

1517-ci ildə Yaxın Şərqin Osmanlı İmperiyasının ərazilərinə qatılması ilə Məscid əl-Əqsanın uzun bir sabitlik dönəmi başlayıb. Osmanlılar islam dinində böyük yeri olan Məscid əl-Əqsaya xüsusi diqqət göstərib, daim təmir və bərpa ediblər.

Qeyd edək ki, Qüds yəhudi və müsəlmanlarla yanaşı, xristianlar üçün də müqəddəs məkan anlamındadır. Belə ki, İsa Peyğəmbərin dünyaya göz açması, yaşaması, nəhayət, çarmıxa çəkilməsi bu torpaqlarda baş verib. Qüds xristianlığın başlanğıc yeri kimi xristianlar üçün müqəddəs dəyərə malikdir.

1969-cu ildə avstraliyalı bir fanatik protestant Məscid əl-Əqsanı yandırıb. Ancaq bəzi iddialara görə, məscidin yandırılmasını İsrail xüsusi xidmət orqanları təşkil edib. Bu hadisə müsəlman dünyasında böyük etirazlara səbəb olub. Sonrakı illərdə – 1980-ci və 1982-ci illərdə iki dəfə məscidi dağıtmağa cəhd ediblər. Məscid Fələstin davasının simvoluna çevrilib.

QEYD: Məqalə 2019-cu ildə “Azərbaycan” qəzetində dərc olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 5 =