Rəsmi Bakıdan qondarma rejimin “seçki”sinə sərt – Reaksiya
“Azərbaycan Respublikasının Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır”.
Bu barədə XİN-in Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “seçkilər” adlandırdığı qanunsuz fəaliyyəti ilə bağlı yaydığı bəyanatında deyilir.
“Azərbaycan Respublikası ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunları təşkil edir.
Azərbaycan ərazilərində yaradılmış qondarma separatçı rejim 30 ilə yaxın müddətdə davam etmiş təcavüz və etnik təmizləmə siyasətinin nəticəsidir. Azərbaycanın suveren ərazilərində yaradılmış və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mövcudluğunu davam etdirməyə çalışan bu rejim tərəfindən atılan addımların heç bir qanuni qüvvəsi yoxdur.
Qeyd edilən addım Ermənistanın son dövrdə xüsusilə kəskinləşən təxribatçı və təhrikedici fəaliyyətinin daha bir elementi olmaqla, bölgədə normallaşma və etnik erməni sakinlərin Azərbaycan Respublikasının konstitusion çərçivəsinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbədir.
Qondarma “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, status-kvonun saxlanılması, işğalçı siyasətinin davam etməsi üçün addımlar atan Ermənistan və onun yaratdığı qondarma rejim sülh prosesində həqiqətən maraqlı deyil və bunun əksinə, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub.
Ermənistan öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməli, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddialara son qoymalı, normallaşma prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir. Ermənistanın Azərbaycanın öz suveren ərazisində yaşayan etnik ermənilər ilə dialoquna maneə olması Azərbaycan Respublikasının daxili işlərinə kobud müdaxilə, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı qəsddir.
Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşı törədilən təhdidlərin qarşısını qətiyyətlə alacaqdır.
Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.
Azərbaycan Respublikası beynəlxalq cəmiyyətin bütün üzvlərini beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə uyğun olaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn addımlara düzgün siyasi qiymət verməyə, Ermənistanı bölgədə kövrək normallaşma səylərini təhlükə altına alan addımlardan çəkindirmək üçün təsirli tədbirlər görməyə, “seçki” adlandırılan qanunsuz fəaliyyətləri qətiyyətlə pisləməyə çağırır”, – deyə məlumatda qeyd olunub.