Rumıniya son nəsil “F-35” təyyarələri alacaq
Rumıniya ABŞ istehsalı olan beşinci nəsil “F-35” qırıcıları alacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qərar Rumıniyanın ali rəhbərlərini və hüquq-mühafizə orqanlarının rəhbərlərini özündə birləşdirən Ali Müdafiə Şurasının üzvlərinin toplaşdığı iclasda qəbul edilib.
“Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi prosesi son nəsil “F-35” təyyarələrinin alınması ilə davam etdiriləcək. Beşinci nəsil çoxfunksiyalı aviasiya vasitələri ilə “Hava hücumundan müdafiənin əməliyyat potensialının reallaşdırılması konsepsiyası” təsdiq edilib”, – Rumıniya prezidentinin administrasiyasının saytında yerləşdirilən məlumatda deyilir.
İclasda həmçinin Qara dəniz regionunda təhlükəsizlik məsələləri, Ukrayna və Moldovada baş verən hadisələr nəzərdən keçirilib. “Ukrayna və Moldovaya dəstək bilavasitə Rumıniyanın təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verir”, – məlumatda deyilir.
Qeyd olunub ki, görüş iştirakçıları Moldovaya dəstək göstərməyin ən optimal yollarını təhlil edərək, regiondakı proseslərə uyğunlaşmağın zəruriliyini vurğulayıblar.
Report.az