Səhiyyə Nazirliyinin eksperti: “Plevrit xəstəliyi yalnız təsadüfi müayinə zamanı aşkar edilir”
“Plevrit xəstəliyi adətən 15-20 faiz hallarda asimptomatikdir və yalnız təsadüfi müayinə zamanı aşkar edilir”.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin (SN) mütəxəssis-eksperti Arif Ağayev nazirliyin sosial media hesablarına plevrit xəstəliyi ilə bağlı gələn sualları cavablandırarkən deyib.
Onun sözlərinə görə, plevra ağciyəri və döş qəfəsinin iç səthini örtən, çox incə qalınlıqda olan zarın adıdır: “Bu zarların arasındakı boşluğa plevra boşluğu deyilir. Zarın yalnız iltihabına plevrit adı verilib. Lakin plevrada maye toplanması iltihab anlamına gəlmir. İltihab çoxlu səbəblərdən biridir. Adətən mayenin toplanması yalnız iltihabla əlaqədar olmur, eyni zamanda digər səbəblərlə də bağlı maye toplanması baş verir ki, bunların da ümumi adı hidrotoraks və ya plevral effuziya da deyilir. Normalda plevra boşluğunda 10-20 ml maye var. Bu maye tərkibinə görə qan plazmasına bənzəyir, lakin daha az zülal tərkibinə malikdir. Maye artıq olduqda bunun səbəblərini araşdırmaq lazım gəlir”.
Ekspert əlavə edib ki, adətən ağciyər xəstəlikləri və ya ağciyərdən kənar orqanların xəstəlikləri maye toplanmasına səbəb ola bilir: “Ağciyər xəstəliklərinə adətən birincili plevritlər, tuberkulyoz (vərəm) pnevmoniyalar, travmalar, ağciyər xərçəngləri, ağciyər arteriyaların trombemboliyası səbəb ola bilər. Ağciyərdən kənar səbəblərə isə ürək çatışmazlığı, böyrək və qaraciyər xəstəlikləri, şəkərli diabet, qalxanvari vəz xəstəlikləri, digər orqanların xərçənglərinin plevraya metastaz verməsi daha çox rast gəlinən səbəblərdəndir. Nadir hallarda revmatoloji, limfa sisteminin patologiyası, idiopatik plevritlər, əməliyyatdan sonra rast gəlinən formaları da mövcuddur”.
Report.az