Səudiyyə Ərəbistanı Əl-Fəxurə məktəbinin bombalanmasını pisləyib
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bəyanatında sionist rejimin Qəzzada UNRWA-ya bağlı “Əl-Fəxurə” məktəbinin bombalanması ilə törətdiyi cinayəti qətiyyətlə pisləyib.
Bu gün günorta saatlarında İsrail rejimi döyüşçüləri Qəzzanın şimalında yerləşən “Cəbəliyyə” düşərgəsindəki “Əl-Fəxurə” məktəbini bombalayıblar. Son məlumatlara görə, bu vəhşi hücumda 200-dən çox insan şəhid olub.
Bu məktəb Birləşmiş Millətlər Təşkilatına (UNRWA) bağlıdır və əksəriyyəti uşaqlar olan qaçqınlar üçün nəzərdə tutulub. Bu məktəblə eyni vaxtda “Tel Əz-Zətər” məktəbi də bombalanıb.
Bu bəyanatda Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Əl-Fəxurə məktəbinin bombalanmasını qətiyyətlə pisləyib və mülki şəxslərin mütəşəkkil şəkildə hədəfə alınmasına qarşı olduğunu vurğulayıb.
Əl-Cəzirə kanalının xəbərinə görə, Ər-Riyad həmçinin bu cinayətləri törətdiyi üçün sionist rejimə qarşı beynəlxalq təqib mexanizminin işə salınmasını tələb edib.