“Seçkilər rəqabətsiz keçirilib”

“Seçkilər rəqabətsiz keçirilib”

7 fevral prezident seçkiləri ərəfəsində bir qrup vətəndaş cəmiyyəti fəalı tərəfindən yaradılan yerli Seçki Müşahidə Alyansı hesabat yayıb.

7 fevral 2024-cü ildə Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri rəqabətsiz və qeyri-demokratik atmosferdə keçib, yerli Seçki Müşahidə Alyansının rəyində deyilir.

Bu qurumun monitorinq missiyası 7 ekspert və 20 qısamüddətli müşahidəçidən ibarət olub. 20 seçki dairəsində 120 məntəqədə səsvermə və səslərin sayılması proseslərini izləyib.

“Ümumi məhdudlaşdırıcı seçki mühiti ilə yanaşı seçki günü çoxsaylı pozuntular seçkinin bütövlüyünü əhəmiyyətli dərəcədə pozub”, – sənəddə deyilir.

Media və vətəndaş cəmiyyəti həm seçkidən əvvəl, həm də seçki periodunda məhdudiyyətlər altında fəaliyyət göstərib, hücumlara və qarayaxma kampaniyalarına məruz qalıb, seçki dövründə 10-dan çox jurnalistin həbs edilməsi repressiv mühiti gücləndirib. Vətəndaş cəmiyyəti təşkilatları üçün məhdudiyyət və təzyiqlərlə səciyyələnən əlverişsiz şərait onların seçkinin bütövlüyünə töhfə vermək imkanlarını daha da azaldıb, sənəddə deyilir.

11 halda müşahidəçilərə məntəqəyə daxil olmaq, məntəqədə əlverişli nöqtədə müşahidə aparmaq və ya video/foto çəkiliş zamanı maneələr törədilib, bəzi hallarda müşahidəçilər məntəqədən polis müdaxiləsilə qanunsuz olaraq uzaqlaşdırılıblar.

Məntəqələrin 70 faizi  əlilliyi olan şəxslər üçün əlçatmaz olub.

Məntəqələrin 45 faizində qeydiyyatda olmayan şəxslərin səsvermə halı,  20 faizində təkrar səsvermə halı, 15 faizində seçki qutularına topa bülleten atılması halları,  60 faizində isə “karusel” (seçicilərin qrup şəklində məntəqələri gəzərək səsverməsi) halları müşahidə edilərək sənədləşdirilib

Bir çox hallarda məntəqələrdə səslərin sayılması prosesində şəffaflıq təmin edilməyib.

Məntəqələrin 35 faizində müşahidəçilərə səslərin sayılması prosesini rahat müşahidə etməyə imkan verilməyib.

Məntəqələrin 50 faizindən çoxunda isə yekun protokolun rəsmi surəti qanunsuz olaraq müşahidəçilərə təqdim olunmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + 2 =