Sudan kənarda yaşaya bilən yeni balıq növü kəşf edildi
Cənubi Amerika ölkəsi Boliviyada saatlarla sudan kənarda qala bilən və fərqli nəfəs alma tərzinə malik yeni balıq növü kəşf edilib.
BAKU.WS “TRT Haber”ə istinadən xəbər verir ki, tədqiqatçı Heinz Arno Dravert tərəfindən kəşf edilən yeni balıq növü öz istəyi ilə sudan çıxıb, saatlarla çöldə qalıb və nəfəs almağa davam edib.
Uzun illərdir balıq növləri ilə bağlı geniş araşdırmalar apardığını ifadə edən Dravert, “Bu qəribə balığın uzunluğu təxminən beş santimetrə çatır, gövdəsi yaşılımtıl-boz, rəngli ləkələr və naxışlara malikdir. Müəyyən və müvəqqəti su ekosistemlərində yaşayır”, – deyə bildirib.
Bu balıq növünün sudan öz istəyi ilə çıxdığına diqqət çəkən Dravert, “Yumurtaları quraqlığa dözə bilir, onları gölməçələrin dibində palçığa və torpağa basdırırlar. Yumurtalara heç nə olmur, bu balığın əsas xüsusiyyətlərindən biri yumurtaların uyğunlaşmasıdır”, – əlavə edib.
Yeni kəşf edilən balıq növlərinin qorunması lazım olduğunu vurğulayan tədqiqatçı Dravert, “Son 20-30 ildə onların tapıldığı ərazidə böyük bir genişlənmə var. Yaşayış yerlərinin çoxu artıq mövcud deyil, asanlıqla deyə bilərik ki, Onların təbii yaşayış yerlərinin 60-70 faizi yox olub”, – deyib.
BAKU.WS