Terminləri qarışdıran 66 konqresmenin 44 gün “dava”sı – Şərə şərik olanlar

Terminləri qarışdıran 66 konqresmenin 44 gün “dava”sı – Şərə şərik olanlar

Siyasi proseslər irəlilədikcə, klassik şairimizin dediyi situasiya yaranır.

Böyük Sabirin sözləri beləydi:

Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,
Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur.

Artıq biz ünsiyyətimiz, münasibətimiz olan bütün dövlətlərin zahirini, batinini bilirik. O ABŞ, bu Rusiya, o biri Fransa, bu biri Almaniya – hər kəs çuvalındakı nizəni göstərir, cibindəki daşı göstərir. ABŞ önə çıxmaqdadır.

Hələ 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığa dəstək haqqında akt”a əlavə edilən düzəlişə görə, Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımı qadağan edilmişdi. O zaman bu qadağa nəticəsində Azərbaycan ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet dövləti idi.

Azərbaycn dövlətinin günahı o idi ki, erməni qəsbkarların hücumuna müqavimət göstərir, ermənilər tərəfindən işğal olunan Şuşa və Laçını, eləcə də digər kəndləri azad etmək, erməni separatizmini cilovlamaq istəyirdi.

ABŞ buna qarşıydı, hesab edirdi ki, Azərbaycan dövləti öz tərkibindəki etnik azlığa qarşı aqressiv siyasət yeridir. Əslində isə Ermənistan ordusu Azərbaycan ərazisinə soxulmuşdu və hərbi əməliyyatlar aparırdı. Bunu ABŞ-də də bilməmiş deyildilər. Fəqət ABŞ və Avropa Ermənistanın Azərbaycan dövlətinin ərazisinin 20 faizini işğal etməsinə göz yumurdu. Azərbaycan zərərçəkən olsa da, sanksiyaya məruz qalırdı.

ABŞ Senatı yalnız 9 ildən sonra, 24 oktyabr 2001-ci ildə ABŞ prezidentinə “Azadlığa dəstək haqqında akt”ına 907-ci düzəlişdən imtina etmək imkanını təmin edən düzəlişi qəbul etdi. Yəni düzəliş ləğv edilmədi, sadəcə, düzəlişə düzəliş etdilər. Qılınc yerində asılı qaldı.

İndi ABŞ Konqresi bəyan edib ki, Birləşmiş Ştatlar Azərbaycanın hərbi ehtiyacları və təhlükəsizliyi üçün bütün vəsaitləri dayandırmalıdır.

Bundan başqa, 66 konqresmen Qarabağın dağlıq hissəsindən olan məcburi köçkünlər üçün 200 milyon dollar ayrılmasına, ABŞ-ın Ermənistana hərbi yardımının artırılmasına və “azərbaycanlı hərbi cinayətkarlar”a qarşı sanksiyaların araşdırılmasına dair çağırış edib.

Birincisi, çağırışda yer alan “məcburi köçkünlər” ifadəsi kökündən yanlışdır. Ermənilər ötən ilin sentyabrından başlayaraq bu ifadəni bilə-bilə və israrla işlədirlər. Qarabağın dağlıq hissəsindən gedən ermənilər “məcburi köçkün” adlandırııla bilməz, çünki Qarabağ erməniləri öz dövlətlərinin ərazisində məkan dəyişdirməyiblər, tamam baqa bir dövlətin ərazisinə köçüblər. Başqa dövlətlərin ərazisinə köçənlərə “qaçqın” deyilir, hüquqi statusları bu terminlə təsbit olunur.

Bu, o deməkdir ki, erməni təbliğatçılar və onların fitnəsinə uyan konqresmenlər Qarabağı Ermənistan ərazisi sayır və onun üzərində Azərbaycanın yurisdiksiyasını şübhə altına alırlar. Yoxsa “məcburi köçkün” əvəzinə “qaçqın” yazmaq nə çətin şeydir?

İkincisi, çağırışda “azərbaycanlı hərbi cinayətkarlar” sözü keçir. Bu hərbi cinayət nə vaxt baş verdi ki, bundan heç kəsin xəbəri olmadı? 2020-ci ilin 27 sentyabrından noyabr ayının 9-na qədər davam edən 44 günlük müharibə Azərbaycanın rayonlarının ərazisində gedib və burada özünə səngər, bunker, istehkam tikmiş işğalçıların qovulması ilə nəticələnib. Hərbi işğalçılar dünyanın bütün ölkələrində legitim hədəfdir, onların məhv edilməsi heç bir halda hərbi cinayət sayılmır, sayıla bilməz. Hətta Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanda erməni mülki şəxslər həlak olsaydı da, bu onların erməni hərbçilərə yardım göstərməsi, müharibədə iştirakçı olmaları demək idi.

Ermənilər vərdiş ediblər, birinə bir acılı şillə dəyən kimi “genosid”dən dəm vururlar, bəs konqresmenlərin savadına nə gəlib ki, terminləri yerində işlədə bilmirlər?

“Genosid” demişkən, konqresmenlərin məktubunda bu ifadə də var. Onlar Azərbaycan hökumətini “öz soyqırım əməlləri ilə” sülhpərvər olmadıqlarını dəfələrlə sübut etdiiklərini, Azərbaycanın Ermənistanı yeni müharibəyə təhrik etmək niyyətində olduğunu iddia edirlər.

Azərbaycan kimin soyunu qırıb-tükədib, aydın deyil. Allaha şükür, Xankəndidə və onun ətrafında yaşayan erməni əhali bir nəfərin burnu qanamadan, sağ-salamat və əmin-arxayın şəkildə, ən əsası öz təşəbbüsləri ilə Azərbaycan ərazsini tərk ediblər. Onların qovulmasına, kütləvi köçə zorlanmasına dair bir fakt belə yoxdur. Əksinə, dövlət rəsmilərinin köç üstündə olan ermənilərə “getməyin” məzmunlu çağırışları var.

Ancaq onlar İrəvandan gələn tapşırığa əsasən ellikcə köçməyi məqsəduyğun hesab etdilər və öz hesablamalarını 6-7 ay sonra üçün apardılar. Ermənilər bilirdilər ki, bir müddətdən sonra böyük dövlətlər onların kütləvi köçünə görə Azərbaycana təzyiq edəcəklər, onlara qahmar çıxacaqlar.

Bu gün nəzərdə tutulan, təxmin edilənlər bir-bir olur.

Soyqırım törətmək məsələsinə qalsa, bu barədə ən axırıncı danışası dövlət məhz ABŞ-dir. Yerli hindu tayfalarının qırılıb-çatılması, rezervuarlarda məhv edilməsi məsələsindən başlayaraq, Yaponiyaya atom bombası atılmasından, Vyetnamda dinc əhalinin kütləvi şəkildə güllələnməsindən, Əfqanıstanda, İraqda törədilən hərbi cinayətlərdən bəhs etsək, real faktlar 44 kitaba sığmaz.

Ona görə də ABŞ konqresmenləri öz ayıblarına kor olmalı və ermənilərin tərtib etdiyi şər-böhtan dolu məktub və layihələrə imza qoymamalıdırlar.

Araz Altaylı, Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 4 =