Türkiyə hərbçiləri də Qarabağda qalır, sülhməramlılar da
Ərdoğanın imzası ilə göndərilən qanun layihəsində Rusiya ilə müştərək Monitorinq Mərkəzində türk hərbçilərin vəzifələrini davam etdirməsi Ankaranın bölgədəki fəal rolunun və milli maraqlarının tələbi olduğu vurğulanıb
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı vəzifə müddətinin 1 il uzadılması ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilib.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilən qanun layihəsində Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin Rusiya ilə Müştərək Monitorinq Mərkəzində vəzifələrini davam etdirməsinin Ankaranın bölgədəki fəal rolunun və milli maraqlarının tələbi olduğu vurğulanıb. “Türkiyə Böyük Millət Məclisinin 17 noyabr 2020-ci il tarixli və 1272 saylı qərarı və Türkiyə Böyük Millət Məclisinin 1 noyabr 2022-ci il tarixli 1348 saylı qərarı ilə uzadılmış icazənin 17 noyabr 2023-cü il tarixindən bir il müddətinə uzadılması üçün layihə təqdim edilib”, – deyə qeyd olunub.
Yada salaq ki, Ağdamda yaradılmış Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi 2021-ci ilin 30 yanvarından rəsmən görəvə başlayıb. Türkiyə-Rusiya Birgə Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Birgə Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir.
Monitorinq mərkəzinin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edirdi, indi onların rotasiya qaydasında dəyişib-dəyişdirilmədiyi haqda bilgi yoxdur. Türkiyə hərbçilərinin Ağdamda qalma müddətinin uzadılması həm də o deməkdir ki, yaxın 1 ildə Rusiya sülhməramlıları da fəaliyyətini davam etdirəcək.
Deputat Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Türkiyə hərbiçilərinin Azərbaycandakı vəzifə müddətinin bir il də uzadılması milli maraqlarımıza cavab verir: “Azərbaycanla Türkiyə hər bir sahədə müttəfiqdir. Bu müttəfiqliyimiz hərbi sahəni də əhatə edir. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən Rusiyanın sülhməramlıları Qarabağda qalmaqda davam edəcəkdir. Çünki bu bəyannamədə sülhməramlıların fəaliyyət müddəti 2025-ci ilə qədər göstərilib. Ona görə də Birgə Monitorinq Mərkəzində türkiyəli hərbiçilərin Rusiya sülhməramlıları ilə birgə fəaliyyətə davam etməsi ölkəmizin maraqlarına cavab verir. Türkiyə parlamenti tərəfindən hərbiçilərin Monitorinq Mərkəzində fəaliyyətinin yenə bir il uzadılması türk qardaşlarımızın yanımızda olması deməkdir. Türkiyə gücümüzə güc qatır və məqsədlərimizi inamla həyata keçirməyimizə güc verir. Rusiya sülhməramlıları ərazilərimiz tərk edəcəyi təqdirdə Türkiyənin hərbiçiləri də geri qayıda bilərlər. Türkiyənin 44 günlük Vətən müharibəsi dövründə də yanımızda olduğunu bəyan etməsi düşmənlərimizi haqq işimizə müdaxiləsindən çəkindirib. Məhz türkiyəli qardaşlarımızın yanımızda olmağı ilə reinteqrasiya proseslərini də uğurla başa çatdıra biləcəyik və Rusiya sülhməramlılarının Qarabağda qalmasına ehtiyac qalmayacaq. Zamanı gələndə həm Rusiya, həm də Türkiyənin hərbiçiləri öz ölkələrinə geri qayıdacaqlar”.
Əhəd Məmmədli
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bir il müddətin böyük bir dönəm olmadığını qeyd etdi: “Onsuz da rus sülhməramlılarının müddətinin sonuna hələ 2 il var. Monitorinq Mərkəzi də sülhməramlıların fəaliyyətini izləyir. Sülhməramlıların fəaliyyəti bitdikcə Ağdamdakı Monitorinq Mərkəzi də ləğv olunacaq. Rusiya tam ərazilərimizdən çıxmadıqca Türkiyənin hərbi mövcudluğu Azərbaycanda zəruridir. Rus sülhməramlılarının müddəti bitəndən, onlar gedəndən sonra belə qardaş ölkə Türkiyə Azərbaycanda həm də hərbi mövcudluğunu qoruyub saxlamalıdır. Yaxın gələcəkdə Naxçıvan və Abşeronda Türkiyənin hərbi bazaları qurulmalıdır. Azərbaycan da Suriya və İraqda qardaş ölkə Türkiyə ilə birlikdə hərbi antiterror əməliyyatlarında iştirak etməlidir. O ölkənin ordusu güclüdür ki, daim real hərbi əməliyyatlarda iştirak edir, döyüşkənliyini qoruyub saxlayır”.
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov da hesab edir ki, Rusiya Silahlı Qüvvələri ərazilərimizdə qaldığı sürəcdə bu yerlərdə Türkiyə də qalmalıdır: “Razılaşmaya uyğun olaraq, Türkiyə və Rusiya Müştərək Monitorinq Mərkəzi yaradaraq balansın qorunması üçün effektiv nəzarət məqsədilə fəaliyyətə başlayıb. Baxmayaraq ki, Rusiya Türkiyənin rolunu azaltmaq üçün mümkün vasitələrdən istifadə etməyə çalışdı. Hətta üçtərəfli birgə bəyanatda Türkiyənin adının yer almasına imkan verilmədi. Buna rəğmən Türkiyənin regionda olması və silahlı qüvvələrinin şəxsi heyətinin mövcudluğu baş verə biləcək daha ciddi pozuntuların və risklərin qarşısının alınmasında başlıca faktor oldu. Hazırda Qarabağ iqtisadi rayonunda erməni separatçıları qalmayıb, quldurların əsas yuvasına çevrilmiş Xankəndi azaddır. Demək olar ki, ölkənin təhlükəsizliyə təhdid yaradacaq erməni separatizmi, erməni problemi qalmayıb. Lakin Rusiya amilini heç vaxt nəzərdən qaçırmamalıyıq. Rusiya Silahlı Qüvvələri fərq etməz, sülhməramlı adı altında olsa belə nə qədər ki, Azərbaycan ərazisində qalır, təbii müttəfiqimiz olan Türkiyənin Silahlı Qüvvələri də qalmalıdır. Rusiya dostluqda və müttəfiqlikdə sadiq ölkə olmayıb, sabit siyasi xətt yürütməyib, xüsusən də qonşuları ilə mehriban münasibətlərin əvəzində daima güc dilində, hədə-qorxu dilində danışmağa üstünlük verib. Eyni zamanda regionda mürəkkəb vəziyyət qalmaqdadır. Ermənistanın vasitəçiliyi ilə Fransa fəal ekspansiya siyasəti tutub, üstəlik də Ermənistanı silahlandırır, revanşist əhval-ruhiyyənin genişlənməsinə rəvac verir. İran etibarlı qonşu sayılmaz. Fürsət düşən kimi, iç üzünü ortaya qoyur. Belə olan halda Azərbaycanın regionda təklənməməsi və böyük güclərin qarşısında duruş gətirməsi, həmçinin öz milli maraqlarını təmin etməsi üçün qardaş Türkiyənin hərtərəfli dəstəyinə ehtiyacı var. Bir faktı xatırladım ki, 2007-ci ildə İranın hərbi təyyarələri və helikopterləri mütəmadi olaraq Azərbaycanın hava məkanını kobud surətdə pozurdu. Həmin vaxt Türk Hərbi Hava Qüvvələrinin “şahinlər”inin Bakı səmasında möhtəşəm uçuşlarından sonra Tehran bir daha Azərbaycanın hava məkanını pozmağa cürət etmədi. Yaxud 44 günlük müharibə ərəfəsində Türkiyə-Azərbaycan birgə hərbi təlimlərindən sonra qardaş ölkənin “F-16” qırıcılarının Azərbaycanda qalması bəzi dövlətləri müharibəyə Ermənistan tərəfindən açıq müdaxilədən çəkinməyə məcbur etdi. Rusiyanın 2025-ci ildə sülhməramlı missiyasını bitirdikdən sonra silahlı qüvvələrini regiondan çıxaracağı barədə aydın fikri yoxdur. Müddətin başa çatmasından sonra Rusiyanın mövqeyini Ukrayna-Rusiya müharibəsinin nəticələrinə bağlayanlar da var. Ancaq bütün hallarda Azərbaycana qarşı xarici təhlükənin dəf olunmasını və azalmasını təəssüf ki, əminliklə söyləmək mümkün deyil. Həm hərbi təhlükələr, həm də siyasi təhlükələr qalmaqdadır və bunların öhdəsindən gəlmək üçün Türkiyənin simasında müttəfiqlərimiz və dostlarımızla bütün sferalarda əməkdaşlığı daha da genişləndirməli, beynəlxalq tərəfdaşlarımızın sayını çoxaltmalıyıq. Bu baxımdan da Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin bir qrupunun Azərbaycanda Rusiya ilə Birgə Monitorinq Mərkəzində fəaliyyətinin daha bir il uzadılması məqsədəmüvafiqdir. Türkiyə Birgə Monitorinq Mərkəzində bu zərurəti çox yaxşı dərk edir”.