Türkiyədə “Kitabi-Dədə Qorqud” dastanının nadir nüsxəsi tapıldı

Türkiyədə “Kitabi-Dədə Qorqud” dastanının nadir nüsxəsi tapıldı

Türkiyənin Bursa şəhərində əntiq əşyalar mağazası sahibinin nadir əsər olduğunu bilmədən bağışladığı “Kitabi-Dədə Qorqud” dastanının nüsxəsi türkoloqların tədqiqat mənbəyi olub.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Muradiye Quran və Əlyazmaları Muzeyinə hədiyyə edilən bu kitab Bursa bələdiyyəsi tərəfindən bərpa olunub və onun surəti nəşr edilib.

Bundan sonra türkoloqlar daha öncə Drezden, Vatikan, Türk Tarix Qurumu və Ankara nüsxələri məlum olan “Kitabi-Dədə Qorqud” dastanının yeni nüsxəsi üzərində tədqiqata başlayıblar.

Əsərin orijinalını bağışlayan əntiq əşyalar taciri İbrahim Koca bildirib ki, kitabı ona Bursanın Fadıllı kəndindən ərəb və Osmanlı türkcəsini bilən bir müəllim gətirib. Kitab kolleksiyaçısı olmadığını və bu səbəbdən onu muzeyə hədiyyə etdiyini söyləyən Koca əlavə edib ki, Bursa Universitetinin müəllimləri sonradan ona bu nüsxənin çox nadir və qiymətli olduğunu deyiblər.

“Əlində əsərlə gəldi. Mənə dedi ki, bu “Kitabi-Dədə Qorqud”un dastanıdır. O, osmanlıca və ərəbcə bilirdi. Bursa Böyükşəhər Bələdiyyəsinin Muradiyədə əlyazmalar muzeyi açacağından xəbərdar idim və əlimdə xeyli əsər var idi. Onların arasında Qurani-Kərim əlyazmaları da var idi. “Dədə Qorqud”un nüsxəsini verəndə onun nadir bir kitab olduğunu bilmirdim”.

Onun sözlərinə görə, əsər muzeydə sərgilənərkən kolleksiyaçı Mehmet Yaylanın diqqətini çəkib.

Türkoloq alim Bəşir Ayvazoğlu jurnalistlərə müsahibəsində bildirib ki, üzə çıxan yeni nüsxə türk mədəniyyətinin tədqiqi baxımından çox qiymətlidir. “Kitabi Dədə Qorqud” dastanını oxumayan bir türk mədəniyyət xadimi və ziyalını təsəvvür edə bilmədiyini qeyd edən alim onu da qeyd edib ki, əsər qədim türk dilində yazıldığı üçün oxunma problemi olan kəlmələr də var.

O, əlavə edib: “Türkoloqlar və dilçi alimlər bu kitabın üzərində illər boyu çalışacaqlar. Onlar bu nüsxənin əvvəlkilərdən fərqini də aşkar edəcəklər. Düşünürəm ki, “Kitabi Dədə Qorqud” dastanının daha çox nüsxəsinin olması türk mədəniyyəti üçün mühümdür”.

Qeyd edək ki, datsanda bəzi başlıqlar qırmızı mürəkkəblə yazılıb. Bəzi sətirlərdə isə əsərin sonunda qırmızı nöqtə var. 119 və ya 238 səhifəlik əsərdə mətnlərin ölçüsü 18×28 santimetr, mətnin həcmi isə 11,3-20,3 santimetrdir.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 5 =