Ürəkdən ölənlərə görə niyə ikinci yerdəyik?

Ürəkdən ölənlərə görə niyə ikinci yerdəyik?

Bir neçə gündür ki, sosial şəbəkələrdə Azərbaycanda ölüm statistikasına görə ürək-damar xəstəliklərinin ön planda olması məsələsi müzakirə olunur. 

Yayılan məlumatlarla bağlı Milli Məclisin deputatı, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov sosial şəbəkə hesabında video paylaşaraq məsələyə aydınlıq gətirib.

R.Mahmudov “World Statistics” resursunun hesabatına əsasən deyib ki, Azərbaycan hər 100 000 nəfər əhaliyə düşən ölüm sayına görə Tacikistandan sonra 2-ci yerdədir:

“Bu həm ictimaiyyət, həm də həkimlər üçün ciddi narahatlıq yaradan bir hadisədir. Əvvəlcə onu deyim ki, bəli, ümumiyyətlə biz region olaraq dünyadakı statistik göstəricilərə, həm qida rasionumuz, həm qidalanma xüsusiyyətlərimiz, eləcə də idman və sağlam həyat tərzinə nisbətən uzaq qalma səbəblərimizə, ürək-damar xəstəliklərindən ölüm və əlilliyə görə yüksək risk qrupunda olan ölkələrdənik. Amma bu heç də statistik dəyərlərdə göründüyü kimi ətrafımızdakı ölkələrdə, bizə qardaş olan Türkiyənin 117-ci sırada olduğu halda bizim ikinci sırada olma məsələsi, eləcə də İranın rəqəmlərinə baxdığımız zaman 60-cı sırada olması ilə bizim rəqəmlər qətiyyən üst-üstə düşmür.

Bunun əsas səbəblərini diqqətə çatdırmaq istəyirəm. Həmin statistik qiymətləndirməyə baxdığımız zaman dünya ölkələri arasında ilk mənfi onluğun post-sovet məkanında olduğunu görürük. Bunu əslində həkim olanlar çox yaxşı bilir. Bildiyiniz kimi, ölüm qeydə alındıqdan sonra ölüm səbəbi yazılır. Əfsuslar olsun ki, sovet zamanından qalmış bir ənənəyə görə, hər hansı bir səbəbdən istər pnevmoniya, istər septik şok, istər travma nəticəsində xəstəxanaya gətirilib reanimasiyaya düşmüş şəxs sonunda ürək dayanmasından ölür. Buna görə də qeydiyyatda mütləq ürək-damar xəstəlikləri, yaxud ürək-damar çatışmazlığı ön planda yazılır. Bundan sonra isə digər səbəblər yazılır. Halbuki bu rəqəm, əlbəttə ki, dünyadakı bütün statistik dəyərlərlə qarşılaşdığı zaman ciddi problemlər yaradır. Halbuki dünyada bu statistikalar verən digər ölkələrdə hər hansı bir xəstəlikdən həyatını itirmiş şəxsin sonunda ölümü ürək dayanması ilə təsdiqlənsə belə, ölüm səbəbi olaraq sadəcə primer xəstəlik ön planda yazılır”.

Həkimin sözlərinə görə, bu, əslində texniki yanlışlıqdır:

“Bu yəqin ki, Tacikistan, Özbəkistan, Belarus, Ukrayna üçün də keçərlidir. Demək olar ki, post-sovet məkanında olan ölkələrin çoxunun bu şəkildə ilk sıralarda olma səbəbi əslində texniki yanlışlıqdır. Əslində “World Statistics” bazasına daxil olan məlumatların eyni standartlarda olmamasından ötrüdür. Bu gün dəqiq rəqəm vermək mümkün deyil. Amma biz ətrafımızda genetik olaraq yaxın olan ölkələrdən çox da yüksək olmayacaq şəkildə ürək-damar xəstəlikləri nisbətinə sahibik. Bu yenə də ölkəmizdə bir nömrəli ölüm səbəbidir. Buna görə də mən fürsətdən istifadə edərək hər birinizə sağlam qidalanma, sağlam həyat tərzi, sağlam ruh arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × two =