Uzun ömür yaşamaq istəyirsinizsə bu muzeyə baş çəkin
Təbii nemətləri, füsünkar mənzərələri, səfalı havası ilə tanınan Lerik həm də uzunömürlülər diyarı kimi məşhurdur. Burada “100 yaşı keçməyənin günah özündədir”, – deyirlər. Hazırda rayonda yaşı 90-ı keçmiş 157 nəfər sakin var. 1991-ci ildə fəaliyyətə başlayan və dünyada ilk Uzunömürlülər muzeyi də məhz Lerikdədir.
KOLLAJ: Muzeydən görüntülər
Muzeydə yaşı yüzdən yuxarı olan 50-dən çox lerikli haqqında 2 mindən çox eksponat, o cümlədən maraqlı məlumatlar, fotoşəkillər saxlanılır.
DİLARƏ FƏTULLAYEVA – MUZEYİN DİREKTORU
“Çox yaşamaqda genetikanın da rolu çoxdur, yəni ki, irsən, nəsildən-nəsilə çox yaşamaq genləri də ötürülür və bir çox kəndlərdə, ərazilərdə yaşayan nəsillərdən, tayfalardan nümunələr gətirməklə göstərmək olar. Məsələn: Blaband kəndində Heydərovlar tayfası, bu tayfada baba, övladları 100 ildən çox yaşayıblar. Hal-hazırda rayonumuzda 157 nəfər 90 yaş və ondan yuxarı uzunömürlü yaşayır ki, bunların 80 nəfəri kişilərdir, qalanları qadınlardır. Yəni ki, Ümumdünya Səhiyyə Təşkilatının qərarına görə 90 yaş uzunömürlülük sayılır. Və 1257 nəfər isə 80 yaş və ondan yuxarıdır. Bunlar son məlumatlardır, yəni ki, bizim rayonda yaşayır. Biz bacardığımız qədər uzunömürlülüyün, çox yaşamağın sirlərini təbliğ etməyə çalışırıq. Biz bukletlər yaratmışıq ki, bu bukletlərdən həm Azərbaycan dilində, həm də İngilis dilində biz bunları gələn qonaqlara, xüsusilə xarici qonaqlara təqdim edirik”.
Dilarə xanım muzeyə yerli turistlərlə yanaşı, çoxlu sayda xarici qonaqların da gəldiyini deyir. Onları heyran edən sakinlərin milli geyimləri, adət-ənənələrə bağlılığı və təbii qidalara üstünlük vermələridir. Ən çox maraqlandıqları mövzu isə sağlam həyat sürməyin və uzunömürlü olmağın sirləridir.
DİLARƏ FƏTULLAYEVA – MUZEYİN DİREKTORU
“Dünyanın hər yerindən bizə qonaqlar gəlir, çox yaşamağın sirləri ilə maraqlanırlar. Səfirliklərdən, Ukraynadan, Belarusdan, Rusiyadan, qonşu ölkələrdən, Koreyadan, Yaponiyadan, ümumiyyətlə dünyanın hər yerindən bizə qonaqlar gəlir və onları belə bir sual maraqlandırır: Çox yaşamağın sirri nədədir? Biz də bacardığımız kimi çox yaşamağın sirlərini təbliğ etməyə çalışırıq. Çünki burda salonlarda şəkilləri asılmış, haqqında materiallar yerləşdirilmiş, guşələr açılmış nənələrimiz, babalarımız haqqında materiallarla əyani surətdə biz bunu təbliğ etməyə çalışırıq. Təmiz dağ havası, təmiz bulaq suyu, insanların qəbul etdiyi təbii qidalar, onların daim hərəkətdə olması, genetik faktorlar bütün bunlar insanların çox yaşamasına səbəb olur”.
Uzunömürlülər muzeyində yaşlı insanlara məxsus olan etnoqrafik materiallar, yaşadıqları dövrə aid tarixi əşyalar, həm də üzunömürlü insanların kənd təsərrüfatında işlətdiyi alətlər, şəxsi əşyaları, əl işləri saxlanılır. Qeyd edək ki, dünyanın ən yaşlı sakini – 168 il yaşamış Şirəli Müslümovdan sonra ən uzunömürlü leriklilər Pirəsora kənd sakini Mahmud Eyvazov 150 il, Cəngəmiran kənd sakini Qızıl Quliyeva isə 134 il ömür sürüb.
Apa.az