XİN başçısı: Azərbaycan Qəzza zolağında gərginliyin azaldılması səylərini alqışlayır

XİN başçısı: Azərbaycan Qəzza zolağında gərginliyin azaldılması səylərini alqışlayır

Azərbaycan Qəzza zolağında vəziyyətin gərgin olaraq davam etməsindən ciddi narahatdır.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının martın 5-də Ciddədə keçirilən növbədənkənar iclasında deyib.

C.Bayramov çıxışında İsrail-Fələstin münaqişə bölgəsində mövcud vəziyyətin, mülki əhali arasında davam edən itkilərin, Qəzza bölgəsindən insanların didərgin düşməsinin, habelə əhalinin aclıqla üzləşməsinin ciddi narahatlıq doğurduğunu qeyd edib.

Ölkəmiz adından qurbanların ailələrinə və yaxınlarına başsağlığını çatdıran nazir Azərbaycanın hərbi əməliyyatların təcili şəkildə dayandırılması ilə bağlı çağırışlara qoşulduğunu, habelə günahsız insanların itkisinə son qoymaq üçün beynəlxalq ictimaiyyət tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq normaları, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında iki dövlət prinsipi əsasında həllini dəstəklədiyi, habelə bu illər ərzində münaqişənin humanitar nəticələrinin aradan qaldırılması istiqamətində davamlı səylər göstərdiyi diqqətə çatdırılıb.

Milli səviyyədə qardaş Fələstin xalqına göstərilən humanitar yardımdan bəhs edən nazir, Azərbaycanın yerdə insanlara yardım üçün sonuncu dəfə BMT-nin müvafiq agentliyinə 2 milyon ABŞ dolları məbləğində maliyyə töhfəsi verdiyini bildirib.

C.Bayramov Azərbaycanın İslam dünyasının məsuliyyətli və aktiv bir üzvü kimi bundan sonra da müqəddəs İslam dininin qardaşlıq ruhu və dəyərlərinə uyğun olaraq, Fələstin məsələsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli və dayanıqlı həllini tapmasına göstərdiyi dəstəyi davam etdirəcəyini diqqətə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 4 =