Yəmənə hava hücumları zamanı ölənlərin və yaralananların sayı açıqlanıb
ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava hücumları nəticəsində Yəməndə ən azı 5 nəfər ölüb, 6 nəfər yaralanıb.
“Associated Press” xəbər verir ki, bu barədə husi üsyançılarının hərbi sözçüsü, briqada generalı Yəhya Səri videomüraciətində bildirib.
“Amerika və Britaniya xalqımıza qarşı cinayətkar təcavüzünə görə tam məsuliyyət daşıyır və bu, cavabsız və cəzasız qalmayacaq”, – Sari deyib.
O, Yəmənin husilərin nəzarəti altında olan 5 bölgəsinə ABŞ və Britaniyanın 73 zərbə endirdiyini açıqlayıb. Sözçü bu zərbələrin hədəfləri barədə ətraflı məlumat verməyib.
Husilərin Xarici İşlər Nazirliyinin rəsmisi Hüseyn əl-Ezzi “Amerika və Britaniya gəmiləri, sualtı qayıqları və döyüş təyyarələri ilə kütləvi aqressiv hücumu” həyata keçirdiyini deyib.
“Amerika və Britaniya, şübhəsiz ki, ağır bədəl ödəməyə və bu açıq təcavüzün bütün dəhşətli nəticələrini çəkməyə hazırlaşsınlar”, – Əl-Ezzi əlavə edib.