Yaponiya Kuril adalarının cənubunda keçiriləcək raket təlimləri ilə bağlı Rusiyaya etiraz edib
Yaponiya hökuməti aprelin 18-dən 22-dək Kuril adalarının cənub hissəsində raket təlimləri keçirmək planları ilə bağlı Rusiyaya etiraz edib.
APA-nın Moskva müxbiri TASS-a istinadən xəbər verir ki, bu barədə Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.
“Rusiya hakimiyyətinin sahil mühafizəmizə göndərdiyi bildirişə əsasən, aprelin 18-dən aprelin 22-dək İturup adası yaxınlığında raket atışları ilə təlimlərin keçirilməsi planlaşdırılır”- deyə o qeyd edib.
Onun sözlərinə görə, təlim zonasına Yaponiyanın özünün hesab etdiyi ərazi daxildir.
“Biz etiraz etdik, çünki Rusiyanın şimal ərazilərdə hərbi mövcudluğunu gücləndirilməsi ölkəmizin mövqeyi ilə ziddiyyət təşkil edir”, – deyə Matsuno əlavə edib.
Apa.az