Yüksək patogen quş qripinə qarşı monitorinqlərin nəticələri açıqlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb.
AQTA-dan “Report”a verilən məlumata görə, monitorinqlər 13-17 martda ölkə ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə keçirilib.
Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və ərazi üzrə ovçuluq təsərrüfatı və milli parklarının əməkdaşları və mütəxəssisləri iştirak ediblər.
Monitorinqlər zamanı Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarında, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalarında və digər ərazilərdə vəhşi quşlara ümumi baxış keçirilib. Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 60 baş müxtəlif növ vəhşi quşun patoloji materialları götürülüb.
Bu müddətdə Bakı şəhərindəki, Abşeron, Lerik, Salyan və Şabran rayonlarındakı 6 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsindən 60 baş quşdan, Bakı şəhəri, Abşeron, Xızı, Ağcabədi, Xaçmaz, Şabran, Salyan, Biləsuvar və Lənkəran rayonlarındakı, ümumilikdə 163 ailə təsərrüfatlarından isə müxtəlif növ 486 baş ev quşundan laborator müayinə üçün qan nümunələri götürülüb, quş damlarına ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb.
Monitorinq zamanı çöl və ev quşlarından götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində yüksək patogen quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib.
Əlavə olaraq monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəliklərinə həssas heyvanlar arasında müşahidələr aparılıb, xəstə və ya tələf olmuş heyvanlara rast gəlinməyib.
Report.az