“Zapravka”larda sizi aldatsalar, bunları edin

“Zapravka”larda sizi aldatsalar, bunları edin

Sürücülərin yanacaqdoldurma məntəqələrindən (YDM) aldıqları yanacağın sayğacda göstəriləndən az olması iddiaları ilə vaxtaşırı qarşılaşmaq mümkündür. Lakin bu iddialar iddia olaraq da qalır. Çünki sürücülər ya bunu sübut edə bilmirlər, ya da etməyi lazımsız bilirlər. 

Bəs, YDM-lərdə avtomobillərə yanacağın sayğacda göstəriləndən az vurulması mümkündürmü?

Təbii ki, pərakəndə yanacaq satışı ilə məşğul olan bütün sahibkarlıq subyektləri müştərilərə yanacağı göstərilən qədər verdiklərini bildirirlər. Müştəri yanacağın düzgün vurulmamasından narazı qaldığı halda, ona nə qədər yanacaq vurulmasını müəyyən etmək məqsədilə xüsusi ölçmə cihazı (menzurka) ilə yoxlama təklif edilir. Əminliklə bildirilir ki, ölçmə cihazlarında heç bir səhv ola bilməz, çünki həmin cihazlar müvafiq qurumlar tərəfindən yoxlanışdan keçərək möhürlənir. Bu ölçmə cihazları yeni rəqəmsal avtomatlaşdırılmış qaydada idarə olunur və ona müdaxilə etmək qeyri-mümkündür.

“Qafqazinfo”nun məlumatına görə, yerli pərakəndə yanacaq satışı həyata keçirən şirkətlərin dünyada ən düzgün və dəqiq ölçmə cihazı olduğunu vurğuladıqları Yaponiyanın “Tatsuno” şirkətinin istehsal etdiyi avadanlığa belə kənardan müdaxilə mümkündür. Daha doğrusu, istehsalçı bu cihazları uzaqdan idarə oluna bilən pultla təmin etdiyindən ona hər hansı bir dəyişiklik etmək realdır.  

Məsələnin digər tərəfi isə qiymətlə bağlıdır. Söhbət ondan gedir ki, yanacağın qiymət marjası böyük deyil. Belə ki, ölkədə ən çox istehlak edilən Aİ 92 markalı benzinin bir tonunun (1310 litr) topdan satış qiyməti 1202 manat, pərakəndə satış qiyməti isə 1310 manatdır. Başqa sözlə, YDM-lər tərəfindən bir litri 91,76 qəpiyə alınan Aİ-92 üzərinə cəmi 8,24 qəpik marja əlavə edilməklə 1 manata satılır. Dizel yanacağının isə bir tonunun (1190 litr) topdansatış qiyməti  844 manat, pərakəndə satış qiyməti isə 952 manatdır. Yəni, litri 70,92 qəpiyə alınan dizelin üzərinə təxminən cəmi 9,08 qəpik əlavə olunmaqla 80 qəpiyə  satılır. 

Əlavə olunan elə böyük olmayan məbləğə əlavə dəyər vergisi və digər xərclər də daxildir. Belə halda yanacağın pərakəndə satışında mənfəətlilik yüksək dövriyyəyə əsaslanır. Yəni, çox qazanmaq istəyən böyük həcmdə satış etməlidir. Lakin ölkədə xüsusilə də paytaxtda xeyli sayda YDM-in olduğu şəraitdə isə böyük həcmdə satış edib qazanmağın elə də asan olmadığını demək mümkündür.  

Belə vəziyyətdə maraqlı məqam isə yanacaq aldıqlarına görə müştərilərə üstəlik “kəşbək” (kartla edilən ödənişin bir hissəsinin qaytarılması) verilməsidir. Hazırda bankların “kəşbək” kartlarından asılı olaraq yanacağa ödənilən pulun 1 faizindən 10 faizininə qədərini geri almaq mümkündür. Belə görünür ki,  Aİ-92 markalı benzinin bir litri müştərinin üzərinə hətta YDM-in aldığı qiymətdən də (91,76 qəpik) aşağı qiymətə (90 qəpik) düşür. 

Avtomobillərə yanacağın sayğacda göstəriləndən az vurulmasının mümkün olub-olmaması ilə bağlı ölkənin iki ən böyük YDM şəbəkəsinə sorğu ilə müraciət etdik. 

“Azpetrol LTD”dən sorğuya cavab olaraq bildirilib ki, müştərilər şirkətin YDM-lərində hər hansısa bir şübhəli məqamla üzləşdiklərində məsul şəxslərə yaxınlaşıb şikayət edə və yaxud yazılı müraciət göndərə bilər. Həmçinin YDM-dən ölçmə cihazını əldə etmək mümkündür. Qiymət məsələsinə gəldikdə, qurumdan satışın Tarif Şurasının qərarları əsasında həyata keçirildiyini vurğulamaqla kifayətlənilib.  

“SOCAR Petroleum”dan isə sorğunu cavablandırmaqdan imtina edilib. 

Məsələyə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən də münasibət bildirilib. Qurumdan “Qafqazinfo”ya bəyan edilib ki,  YDM-lərdə buraxılan yanacağın həcminin və kütləsinin ölçülməsində “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanunla müəyyən edilmiş qaydada tipi təsdiq edilmiş və yoxlama dövriliyinə uyğun olaraq yoxlamalara cəlb edilmiş ölçmə vasitələrindən istifadəyə yol verilir. Ölçmə vasitələrinin yoxlanılması ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir. Sözügedən qurumlar tərəfindən aparılan yoxlamanın nəticəsinə əsasən, ölçmə vasitəsi yararlı hesab olunarsa, yoxlama haqqında şəhadətnamə təqdim olunur və ya ölçmə vasitəsinin üzərinə yoxlama nişanı vurulur.

Dövlət Xidmətindən qeyd edilib ki, istehlakçılar bu sahədə xidmətlərdən istifadə edərkən ölçmə vasitələrinin yoxlamadan keçirilib-keçirilmədiyini müəyyən etmək məqsədilə onların üzərində yoxlama nişanının olmasına diqqət yetirə, həmçinin ölçmə vasitəsinə verilmiş yoxlama haqqında şəhadətnaməni tələb edə  bilər. İstehlakçılar YDM-lərin xidmətlərindən istifadə edərkən sözügedən sahədə hər hansı qanun pozuntusu ilə rastlaşdıqları zaman müvafiq tədbirlərin görülməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + 20 =