31 ildən sonra nəşi tapılan Milli Qəhrəman…
Xəbər verdiyimiz kimi, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun nəşi 31 ildən sonra tapılıb.
1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşən Riad Əhmədov tanınmış ailənin övladı olub.
Azərbaycan Milli Ordusunun yaradılmasında böyük xidmətləri olan R.Əhmədov dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1980-1987) Fikrət Əhmədovun oğludur.
1956-cı il təvəllüdlü Riad Əhmədov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1980-1981-ci illərdə Ədliyyə Nazirliyinin kadrlar şöbəsində baş məsləhətçi vəzifələrində çalışan R.Əhmədov 1981-ci ildə təhlükəsizlik orqanlarında fəaliyyətə başlayıb. O, 1981-1982-ci illərdə DTK-nın Minskdəki Ali Məktəbində təhsil alıb.
1992-ci ildə Azərbaycan Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin edilən Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Qarabağda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv edib.
O, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Qeyd edək ki, Bakı şəhər 203 nömrəli məktəb Riad Əhmədovun adını daşıyır.